Məzmuna keç

Nazir müavini: “Məhkəmə sahəsində qabaqcıl Avropa standartları tətbiq edilir”

Nazir müavini: "Məhkəmə sahəsində qabaqcıl Avropa standartları tətbiq edilir"

"Müstəqil məhkəmə sisteminin inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu məhkəmə islahatları aparılır, bu sahədə qabaqcıl Avropa standartları tətbiq olunur. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə sıx tərəfdaşlıq şəraitində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik aktları əsaslı şəkildə yenilənib, çoxsaylı institusional tədbirlər həyata keçirilib və bu qanunvericilik aktları hazırda uğurla tətbiq olunur".

E-huquq.az xəbər verir ki, bu fikirləri Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda məhkəmə sisteminin müasir inkişaf tarixinin böyük hissəsi CEPEJ ilə əməkdaşlıq dövrünə təsadüf edir: "Bu dövrdə qanunvericiliyə daha demokratik ruhlu, prosedurları daha şəffaf edən çoxsaylı düzəlişlər olunub. Ədalət mühakiməsinə əlçatanlığın yüksəldilməsi məqsədilə məhkəmələrin, hakimlərin, məhkəmə aparatı işçilərinin, vəkillərin sayı artırılıb, hakimlərin maddi və sosial müdafiəsi gücləndirilib, məhkəmələrin büdcəsi möhkəmləndirilib. Bu proses hazırda davam edir. Bu, dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda müşahidə edilir. Azərbaycanda bu islahatlar bir çox hallarda Avropa Şurasının digər dövlətlərində məhkəmə sistemlərinin işi barədə CEPEJ tərəfindən həyata keçirilən kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə əsaslanıb".

O qeyd edib ki, məhkəmə vaxtının səmərəli təşkili və düzgün bölüşdürülməsi, bəzi kateqoriyadan olan mübahisələrin məhkəmədənkənar alternativ həlli yollarının tətbiqi göstərilən bu məsələlərin sırasındadır.

"Avropa Şurası ilə birgə fəaliyyət planı çərçivəsində 2015-2017-ci illərdə həyata keçirilmiş ilk layihənin əsas komponentlərinin uğurlu icrası da məhz belə təhlillərin nəticələrinə söykənib. Yeni layihəyə məhkəmə sisteminin təkmilləşdirilməsi işinin davamı kimi baxılmalıdır. Azərbaycan islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir. Layihənin nəzərdə tutduğu məqsədlərin bir hissəsi dövlət başçısının müvafiq fərmanın çağırışları ilə üst-üstə düşür. Ümidvarıq ki, layihənin gözləntilərinə və uğurlarına nail olacağıq”, – deyə A. Cəfərov vurğulayıb.