“Hesab edirəm ki, Azərbaycan məhkəmələrində hansı sahə üzrə işlər çoxdursa, onunla bağlı məhkəmələr ayrılmalıdır”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, hazırda məhkəmələrdə bank və ailə problemləri ilə bağlı işlər çoxluq təşkil edir: "Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bank işləri üzrə yaxud da maliyyə məsələlərini araşdıran məhkəmələrin ayrılması yaxşı olardı. Ailə məsələlərinə gəldikdə isə, deyə bilərəm ki, həqiqətən boşanma işləri getdikcə artır. Yəni, hakimlər bu sahədə ixtisaslaşdıırılmalıdır. Ailə məsələləri, mənəviyyat, psixologiya sahəsini bilməlidirlər”.
Ə. Həsənov Azərbaycanda nikahın pozulması ilə bağlı məhkəmə işlərinin artmasının müxtəlif səbəbləri olduğunu qeeyd edib: “Təəssüflər olsun ki, yeni ailə quranlar qısa zamanda ayrılır, bunun da müxtəlif səbəbləri var. Amma son instansiya hakimdir. Hakim barışdırıcı mövqedə olmalıdır. Bir vəkil dostum danışmışdı ki, bir dəfə ər-arvad boşanmağa gəlib. Hakim də əvvəlcə qadına deyib ki, ərinizin sizə qarşı etdiklərinə görə, sizdən üzr istəyirəm. Sonra isə kişiyə eyni sözləri bildirib və onları barışdırıb. Yəni hakim son fürsətdir ki, tərəflər barışsın. Ümumiyyətlə, mənim üçün gender bərabərliyi deyilən şey tamamilə qəbuledilməzdir. İndi yaman dəbdədir bu məsələ. Ailənin başçısı var və o, kişidir. Fimlərə, seriallara baxırlar, sonra da deyirlər ki, qadın və kişi arasında bərabərlik var. Əlbəttə, bəzi məsələlərdə bərabərlik var, ancaq ümumi götürdükdə, ailənin başçısı kişi hesab edilir”.
