"AZGRANATA" "Topçu" adlı məhsul istehsal etməyib


  • 4 Dekabr 2020 16:48

“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev son günlər sosial şəbəkələrdə və mətbuatda “TOPÇU” adlı vodkanın istehsal olunması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

E-huquq.az-a daxil olan açıqlamada deyilir:

"Dırnaqarası ideya olaraq formalaşan və daha sonra sosial şəbəkələrdə qınaq mövzusuna çevrilən “Topçu” adlı spirtli içki məhsulu haqqında xeyli tənqidi ifadələr yazıldı. Nəzərinizə çatdırım ki, yeni məhsulun yaradılması uzun bir istehsalat prosedurudur. Bunun üçün bazar araşdırılır, münasib qablaşma, ilkin istehsal miqdarı təyin edilir, əmtəə patenti alınır və digər müvafiq addımlar atılır. Əminliklə deyə bilərəm ki, “AZGRANATA” şirkəti mübahisə predmetinə çevrilmiş məhsulu nə istehsal edib, nə də ilkin xammalı sifariş verib. Düzdür, biz topçu qəhrəmanımız Vüsal Şahkərimovun ailəsindən icazə almışdıq, lakin bu, həmin məhsulun istehsalına başlanılması və istehsal olunması anlamına gəlmir. Kimsə şəxsən öz adından nəsə paylaşıbsa, öz şəxsi maraqları çərçivəsində müzakirə predmetinə çevrilən addım atıbsa, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində yaranan məsuliyyətin “AZGRANATA” MMC-yə aidiyyatı yoxdur və yaranmış vəziyyətə görə şirkət heç bir hüquqi məsuliyyət daşımır.

Bəzi sosial şəbəkə istifadəçiləri qeyd olunan məhsulun həqiqətən mövcud olub-olmamasını araşdırmadan şirkətin nüfuzuna xələl gətirən şərhlər yazaraq tənqid edirlər. Təəssüflər olsun ki, bəzi jurnalistlər də qeyri-peşəkarlıq nümayiş etdirərək, bu cür əsassız məlumatları heç bir araşdırma aparılmadan mətbuatda dərc edirlər.

Bir daha qeyd edirəm ki, 10 ildən artıqdır milli marka olaraq insanların etimadını qazanan “AZGRANATA” MMC hər zaman qanunlar çərçivəsində fəaliyyət göstərib.

Ümid edirəm ki, açıqlamanı anlayışla qarşılayacaqsınız və bundan sonra bu kimi əsassız müzakirələrə son veriləcək".

Oxşar xəbərlər