Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.
Nazirlikdən e-huquq.az-a bildirilib ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
***
19:18
Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib.
E-huquq.az FHN-ə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri dəqiqləşdirilir.
