"Azərbaycanda məhkəmələr kifayət qədərdir. Əsas odur ki, o məhkəmələr işlərini normal səviyyədə aparsınlar".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V. Əhmədov deyib ki, məhkəmələrdə şəffaflıq və proseslərdə hər iki tərəfin iştirakı təmin edilməlidir: "Bunlar olmasa, hakimlərin maaşı 7 min yox, lap 10 min manat da olsa xeyri yoxdur. Əsas məsələ şəffaflığın təmin olunmasıdır. Rüşvət, korrupsiya halları aradan qaldırılmalıdır. Bu hallar aradan qaldırılsa, heç bir problem olmayacaq. Mənə elə gəlir ki, vergi sistemində, gömrük sistemində və digər sahələrdə hansı ki gənc nazirlər təyin olunub, orada müəyyən qədər müsbət cəhətlər var. Biz bunu görürük. Çünki bu sahələrlə əlaqədar şikayətlər kəskin azalıb. Məhkəmə sistemində də bu məsələləri lazimi səviyyədə həll edə bilsək, problemlərin 60-70 faizi aradan qalxar".
