AZPROMO  “Brand Award Azerbaijan”ın rəsmi tərəfdaşı oldu


  • 12 Aprel 2021 13:36

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu Caspian Energy Club-ın təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşı qismində çıxış edəcək.

Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, “Brand Award Azerbaijan” müsabiqəsinin əsas məqsədi yerli brendlərin tanınmasına, kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir. O, həmçinin bildirib ki, “Brand Award” və “Brand Award Azerbaijan” ticarət nişanları dünyanın 50 ölkəsində Caspian Energy Club-a məxsusdur.

Telman Əliyev: ” AZPROMO beynəlxalq sərgi və forumlarda iştirak edərək Azərbaycan brendlərinin tanıtımına xüsusi diqqət ayırır. Caspian Energy Club və AZPROMO arasında sıx əməkdaşlıq mövcuddur. Caspian Energy Club üzvləri AZPROMO-nun fəaliyyətindən çox razıdır və bu əməkdaşlığa görə quruma təşəkkürümüzü bildiririk”, – deyə vurğulayıb.

Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın yerli korporativ, xidməti və məhsul brendləri arasında 2021-ci ilin ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq. Səsvermə 26 aprel – 23 may tarixində “www.brandaward.az” saytında keçiriləcək. Mükafatın təqdimetmə mərasimi isə onlayn formatda 1 iyun tarixində baş tutacaqdır.

“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin, dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər