Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.
E-huquq.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, Şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib: "Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları. toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar".
Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: “Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.
DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.
