AzərbaycanRespublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə e-huquq.az-a "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialına malik olması həmin ərazilərdə müxtəlif sahələri əhatə edəcək yeni biznes layihələrinin reallaşmasına və sərmayələrin cəlb edilməsinə şərait yaradır. “Sahibkarların iştirakı ilə keçirilən bu forum Qarabağın zəngin iqtisadi potensialının reallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu ilə bağlı biznes subyektləri ilə müzakirələrin aparılması və onların təkliflərinin dinlənilməsi üçün əhəmiyyətli platforma rolunu oynayacaqdır. 2020-ci ilin dekabr ayından etibarən Agentlik işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən müraciətləri qəbul etməkdə davam edir. İndiyədək işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, 28 ölkədən 226 layihə təqdim edilib. Bunlardan Türkiyə, Rusiya, İsrail və Qazaxıstandan daxil olan müraciətlər üstünlük təşkil edir”. Daha sonra Orxan Məmmədov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
"Caspian Energy Club"ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Orxan Məmmədova təşəkkür edərək bildirib ki, “Hökumətin iqtisadi blokunun və xüsusən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin pandemiya dövrü ərzində sahibkarlara görsətdiyi dəstək əvəzolunmaz idi. Bu dövürdə KOBİA və "Caspian Energy Club" tərəfindən 12-dən çox "Online B2G Forum" keçirilib onlardan 6-sı qapanma dövrünə təsədüf edmişdir. Forumların nəticəsi olaraq sahibkarların və bütün biznes subyektlərinin bir sıra problem və təklifləri öz həllini tapmışdır.” Telman Əliyev, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Caspian Energy Club" arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
