Səhiyyə və Təhsil nazirlikləri birgə məlumat yaydı


  • 13 Oktyabr 15:55

"Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub".

E-huquq.az xəbər verir ki, bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub. İlkin diaqnoz “Kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub.

Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.

Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.

COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib.

Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edirik. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

Oxşar xəbərlər