Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA


  • 28 Oktyabr 23:46

2021-ci ilin yanvar-oktyabr aylarında cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan 4584 nəfərə müraciətləri əsasında birdəfəlik müavinət təyin olunub.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, məşğulluq haqqında qanunvericiliyə əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və həmin şəxslər məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər.

Qeyd edək ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiya müddətində (1 il) minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ vardır. Hal-hazırda bu məbləğ 1000 manatdır.

Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.

2021-ci ilin birinci yarımilində 179 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır.

Ötən il də bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edən bir qrup şəxs özünüməşğulluq proqramına cəlb edilib və verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilirlər.

Oxşar xəbərlər