"Vətən müharibəsində qazandığımız tarixi Qələbənin – Zəfər Gününün birinci ildönümü ərəfəsində bu Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə fərəh qatdı. Ümummilli liderimizin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı mərhəmətin, insanpərvərliyin və xeyirxahlığın növbəti təzahürüdür".
E-huquq.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Mükəmməl siyasətdən doğan humanistlik” sərlövhəli məqaləsində əksini tapıb.
Firad Əliyev qeyd edib ki, bu amnistiya aktı bütün digər belə aktlardan fərqlənir: "Fərq ondan ibarətdir ki, bu akt genişmiqyaslı olmaqla tətbiqi dairəsi böyükdür və həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunacaq. Preambula, 4 bölmə və 45 hissədən ibarət aktın birinci bölməsində amnistiyanın şamil edildiyi şəxslərin dairəsi müəyyən edən siyahı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər nəzərdə tutulmuş, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar əksini tapıb. Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir. Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq. Amnistiya aktı ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər də görüləcək. Həmin şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində müvafiq qurumlara müraciət edərək zəruri yardımlar ala biləcəklər".
"Əminik ki, Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı dövlətin humanist siyasətinə, Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsinə, haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da möhkəmləndirəcək. Sözügedən aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini yüksək qiymətləndirərək, baş verənlərdən nəticə çıxarmaqla, bir daha eyni və ya bənzər səhvləri təkrarlamayacaq və öz əvvəlki həyatlarına qayıdaraq, cəmiyyətin inkişafına, rifahına töhfələr verəcəklər. Göründüyü kimi, amnistiya aktının siyasi, hüquqi, iqtisadi, sosial, mənəvi və humanitar əhəmiyyəti böyükdür" – deyə hərbi prokurorluğun sözçüsü bildirib.
Firad Əliyev deyib ki, ümumiyyətlə, müstəqillik dövründə qəbul edilən 12 amnistiya aktı 100 mindən artıq şəxsə şamil olunub: "2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dörd amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq insana şamil edilib. Amnistiya qərarı üzrə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və layiqincə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən noyabrın 5-də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” əmr imzalanıb. Hazırda aktın tətbiqi və əmrin icrası prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları tərəfindən uğurla təmin edilir. Həmin məsələyə gündəlik nəzarətin təmin olunması, habelə amnistiyanın tətbiqi ilə bağlı ortaya çıxa biləcək hər hansı problemin operativ həll edilməsi məqsədilə müvafiq zəruri tədbirlər də görülüb. Hərbi prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin işçilər tərəfindən vaxtında və layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev sözügedən məsələni gündəlik diqqətində saxlayır".
