“AZGRANATA” MMC-yə məxsus firma mağazalarının müdirləri ilə görüş keçirilib.
Bu barədə e-huquq.az-a şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli məlumat verib.
O bildirib ki, ölkəmizin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən mağazaların müdirləri dekabrın 4-də Ağsu rayonunda “AZGRANATA”nın şirə və şərab emalı zavodunda bir araya gəliblər. Əvvəlcə qonaqlar zavodun ərazisini gəzib və istehsal prosesi haqqında onlara məlumat verilib. Daha sonra “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlının iştirakı ilə iclas keçirilib. İclasda mağazaların fəaliyyəti və 2022-ci il üçün nəzərdə tutulan planlar müzakirə edilib. İclasın sonunda mağaza müdirlərinə şirkət rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.
Ü.Günəşli hazırda şirkətin 53 firma mağazasının istehlakçıların xidmətində olduğunu qeyd edib. Onun sözlərinə görə, 2022-ci ilin hədəfləri sırasında firma mağazalarının sayını artırmaq nəzərdə tutulub.
“Firma mağazalarımızda yüksək keyfiyyətli məhsullarımız sərfəli qiymətlərlə istehlakçılara təqdim olunur. “AZGARANATA” ölkəmizdə fəaliyyət göstərən şirə və şərab emalı müəssisələri arasında ən çox firma mağazasına sahib şirkətdir. Mağazalarımız şirkətimizin müsbət imicinin formalaşmasında mühüm rol oynayır”, – deyə Ü.Günəşli bildirib.
Şirkət rəsmisi firma mağazalarının sayının artırılmasının böyük məsuliyyət tələb etdiyini deyib: “İstehsal etdiyimiz məhsulun keyfiyyətindən əmin olmalıyıq. Bu əminlik olmasa, bu qədər mağaza açmaq və onları işlək vəziyyətdə saxlamaq olmaz. Məhsullarımızı firma mağazalarımızdan əldə edən istehlakçıların heç bir halda saxta malla qarşılaşması mümkün deyil. Ona görə ki, firma mağazalarımızda olan məhsullar yalnız zavodumuzda istehsal edilərək qablaşdırılan məhsullardır. Daha bir üstün cəhət odur ki, alıcıya maraqlandığı hər bir məhsul haqqında satıcı dolğun və dəqiq informasiya verə bilir”.
