"Şəmkirin bəzi kəndlərində mövcud olan suvarma və içməli su qıtlığı vətəndaşlarımızı ən çox narahat edən problemlərdəndir".
E-huquq.az xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək bildirib.
O, problemin həlli ilə bağlı müvafiq qurumlara çağırış edib: "Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Sərəncamına əsasən, seçki dairəmə aid Şəmkir rayon Zəyəm qəsəbəsində 3, Düyərli kəndində 2, İrmaşlı və Sarıtəpə kəndlərində isə 1 ədəd su quyusunun qazılması nəzərdə tutulub və bununla bağlı 2021-ci il dövlət büdcəsindən 1.4 milyon manat ayrılıb. Lakin təəssüf ki, nəzərdə tutulmuş həmin quyular hələ də vətəndaşların istifadəsinə verilməyib. Başa düşürəm ki, bununla bağlı bəzi çətinliklər var. Lakin müvafiq qurumlardan xahiş edirəm ki, bu məsələnin həllinə çalışsınlar və cənab Prezidentin Sərəncamında nəzərdə tutulan subartezian quyuları vətəndaşlarımızın istifadəsinə verilsin".
N.Həsənov çıxışında seçiciləri narahat edən digər mühüm bir məsələyə də toxunub. Onun sözlərinə görə, Şiştəpə kəndində pay torpaqlarının bölgüsü kənd əhalisi arasında ciddi narazılıq yaradır.
"Narazılığın səbəbi pay torpaqlarının kəndin müxtəlif bölgələrində verilməsidir. Bu isə əhalinin kənd təsərrüfatı ilə məşğul olmasında böyük çətinliklər yaradır. Eyni zamanda həmin torpaqlardan səmərəli istifadə edilməsini qeyri-mümkün edir. Şiştəpə kənd əhalisi adından müvafiq dövlət qurumlarından xahiş edirəm ki, bu pay torpaqlarının kənd əhalisi arasında vahid ərazidən yenidən bölgüsü təmin edilsin və bu narazılıqlar aradan qaldırılsın", – deyə millət vəkili qeyd edib.
