Cahit Bağcı "Caspian Energy Club"un təşkil etdiyi ənənəvi "CEO Lunch"da iştirak edib - FOTO


  • 21 Yanvar 2022 14:15

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Cahit Bağcı "Caspian Energy Club"un təşkil etdiyi ənənəvi "CEO Lunch"da iştirak edib.

Bu barədə e-huquq.az-a “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Fəxri qonaq qismində iştirak edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Bağcı çıxışında Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünü qeyd etdiyimizi, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişaf edib dərinləşdiyini, bu gün keçmişdəki çatışmamazlıqları aradan qaldırmış, öz hərbi gəmisini, hərbi təyyarəsini və peykini istehsal edən Türkiyənin olduğunu, Azərbaycanın da müstəqilliyini yenidən qazandığı dövrdə ərazilərinin işğal edilməsini, işğaldan keçən 30 ilin ağrı-acısını, hüzün və kədərini 44 günlük Vətən Müharibəsi ilə zəfərə çevirdiyini, artıq regionda oyun quran, qurulan oyunları pozan Türkiyə və Azərbaycandan bəhs edilə biləcəyini qeyd edib.

Cənab səfir Bağcı çıxışına davam edərək Türkiyə və Azərbaycanın Avropanın təhlükəsizliyi baxımından mühüm iki ölkə olduğunu, bütün ölkələrlə dialoq və əməkdaşlıq kanallarını açıq saxlamağın, diplomatiyanın işlərliyinin, regionda münaqişə və gərginliyin azaldılmasının tərəfdarı olduqlarını ifadə etmişdir. Geosiyasəti yaxşı oxumaq məcburiyyətində olduğumuzu, gündəlik yox, vizioner və gələcəyi görməyə çalışan siyasət yürütdüyümüzü, Qərbin istehsal bazası axtarışlarının ən cəlbedici nöqtələri olan Türkiyə və Azərbaycanın yerləşdiyi coğrafiyada Tarixi İpək Yolunun yenidən canlanacağını vurğulamışdır.

Cənab səfir Bağcı həmçinin Türkiyənin “Yenidən Asiya” siyasəti haqqında məlumat vermiş, Türkiyənin Asiyadakı mövcudluğunu daha da artırmaq istiqamətində işlərin sürətləndiyini bildirmişdir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini də xüsusi qeyd etmiş, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisinin ümumi sayının 175 milyona çatdığını, ÜDM-larının birlikdə təxminən 1,4 trilyon ABŞ dolları olduğunu, Tarixi İpək Yolunun keçdiyi ərazidə yerləşmək, ticarət sahəsindəki tarixi təcrübələri ilə imkan, potensial, sərmayə və insan resurslarını bir araya gətirmək qabiliyyətləri ilə daha da böyüyüb güclənə biləcəyini, geniş rakursdan baxdıqda, Türk Dövlətləri Təşkilatının da olduğu Asiyanın nəhəng iqtisadi və ticarət imkanları ilə dünyanın diqqətini cəlb etdiyini qeyd etmişdir.
Cənab səfir Cahit Bağcı çıxışının sonunda global miqyaslı firmaların istehsal xətlərini Çindən başqa ölkələrə yayma plan və startegiyalarının Orta Asiyaya böyük imkanlar yaradacağını, yaxın gələcəkdə bu coğrafiyada daha çox sərmayə, istehsal, enerji, logistika, maliyyə, ixtisaslı işçi, məlumat istehsalı (ARGE, patent, proqram. əqli mülkiyyət, süni intellekt) beynəlxalq ticarət hüququ kimi mövzulardan bəhs ediləcəyini bildirmişdir.

Daha sonra cənab səfir "CEO Lunch" iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb və yeni üzvlərə üzvlük sertifikatı təqdim edib.

"CEO Lunch"da həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev iştirak edmişdi. Qonaqları salamlayaraq Rüfət Qüliyev “Sahibkarların hüquqi və iqtisadi marifləndirilməsi cəmiyyəti” İctimai Birliyi haqqında klub üzvlərinə geniş məlumat verib və bildirib ki, “İctimayi birliyin əsas məqsədi kiçik və orta biznesin inkişafı üçün əlverişli və saf mühitin yaranmasını stimullaşdırmaqdır, xarici və yerli sahibkarların rifahına töhfə verməkdir. İctimayi birlik sahibkarların istəklərin və maraqların daha geniş kütləyə çatdırmaq məqsədi ilə tərəfimizdən CBC telekanalında “Sahibkar saatı” adlı layihəni həyata keçirir.”

"CEO Lunch" çərçivəsində “Caspian Energy Club” və “Sahibkarların hüquqi və iqtisadi marifləndirilməsi cəmiyyəti” İctimai Birliyi arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında memorandum imzalanmışdı.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Cahit Bağcıya təşəkkür edib.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər