Məzmuna keç

BMT-nin insan hüquqları eksperti Azərbaycana səfərə gələcək

BMT-nin insan hüquqları eksperti qida hüququnu qiymətləndirmək üçün Azərbaycana səfərə gələcək

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver qida hüququnun təmin edilməsində hökumətin göstərdiyi səyləri araşdırmaq məqsədilə oktyabrın 1-dən 11-dək Azərbaycanda səfərdə olacaq.

E-huquq.az xəbər verir ki, bu, qida hüququ üzrə müstəqil ekspertin Azərbaycana ilk səfəridir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC bildiriblər ki, səfər zamanı o, hökumət rəsmiləri, ombudsman, BMT sisteminin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

Hilal Elver səfərin məqsədləri barədə danışarkən deyib: “Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsini və insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənilməsini arzulayıram. Səfərin məqsədi münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə konstruktiv müzakirələr aparmaq və hökumətə, digər dairələrə faydalı tövsiyələr verməkdən ibarətdir. Azərbaycanda qida hüququnun təmin edilməsinə iqtisadi artımın və xarici sərmayələrin nə dərəcədə təsir göstərdiyini yaxından öyrənəcəyəm. Kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi nəzərdə tuturam. Eyni zamanda, uşaqlar, azlıqlar, əlilliyi olan şəxslər və həm şəhər, həm də kənd yerlərində məcburi köçkün kimi yaşayan, öz evlərini tərk etməyə məcbur olan insanlar arasında qida hüququnun yerinəyetirilmə vəziyyətini qiymətləndirəcəyəm, özəl sektorun rolunu; torpaq üzərində mülkiyyət hüququnun, ətraf mühit məsələlərinin və iqlim dəyişikliyinin təsirini; xüsusilə yeni doğulmuşlar və uşaqlar arasında qidalanma və keyfiyyətli qidaya aid məsələləri nəzərdən keçirəcəyəm”.

Səfərlə əlaqədar yekun hesabat 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.