"Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürüb. İşğaldan azad olunmuş ərazilərdə bu cür beynəlxalq yarışın keçirilməsinin çox böyük əhəmiyəti var".
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, yarış beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə çəkmək istiqamətində mühüm tədbirdir: "İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Artıq həmin ərazilərdə müxtəlif tədbirlər həyata keçirilir. Azad olunmuş ərazilərimizdə idman tədbirlərinin keçirilməsinin də xüsusi əhəmiyyəti var. Biz bununla beynəlxalq idman aləminin diqqətini azad olunmuş ərazilərimizə çəkirik. İndiki şəraitdə ilkin olaraq avarçəkmə yarışını keçirə bildik. Lakin təbii ki, infrastruktur qurulduqca digər idman yarışları da keçiriləcək. İnanıram ki, yaxın zaman ərzində "Qarabağ" Futbol Klubunun ev sahibliyi etdiyi oyunlar da Ağdamda keçiriləcək. Həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Azərbaycan xalqı qurucu xalqdır. Bu torpaqlar bizim torpaqlar olub və biz bu torpaqları dirçəldərək səmərəli istifadə edirik".
Rəşid Qarayev
