Ehtiyata buraxılan Vətən müharibəsi iştirakçısı ordu sıralarına qayıtmaq istəyir


  • 17 May 2022 14:28

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılan Vətən müharibəsi iştirakçısı Şamxal Qocayev yenidən ordu sıralarına qaytarılması üçün məhkəməyə müraciət edib.

O, e-huquq.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 14 ildən artıq həqiqi hərbi xidmət keçib: "2007-ci ildə həqiqi hərbi xidmətə çağrılmışam. İlkin olaraq xidmətimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı dəstəsində müfəvvəqiyyətlə başa vurmuşam. 2007-ci ilin aprel ayından 2008-ci ilin oktyabr ayınadək, yəni 1 il 6 ay ərzində həqiqi hərbi xidmət keçmişəm. 2009-cu ilin oktyabr ayında Azrbaycan Respublikası Silahlı Qüvvələrinin təlim-tədris mərkəzinin motoatacı manqa komandiri kursuna daxil olmuşam. Həmin kursu müvəffəqiyyətlə bitirmişəm. 2010-cu il yanvar ayında etibarən Müdafiə Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən hərbi hissəsində, Əlibəyli və Ağdam kəndlərində döyüş postlarında xidmət etmişəm. 2015-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinin komando təməl kursuna daxil olmuşam və həmin kursu bitirərək 2015-ci ilin sentyabr ayından etibarən Müdafiə Nazirliyinin xüsusi təyinatlı briqadalarının birində vəzifə tutmuşam".

Ş.Qocayevin sözlərinə görə, 2020-ci ilin iyun ayında hərbi hissənin yataqxanasındakı otağında mobil telefon aşkarlandığına görə ordu sıralarından tərxis edilib: "Məlum məsələdir ki, xidmət vaxtı hərbi qulluqçulara smartfon tipli cihaz işlətmək qəti qadağandır. İş vaxtından sonra isə mobil telefon işlədə bilərik. Mən bütün bunları dərk edərək həmişə əmrləri yerinə yetirmişəm. Xidmət vaxtı bitdikdən sonra hərbi hissənin yataqxanasında qalıram. Telefonumu da orada saxlayıram, yəni xidmət vaxtı üzərimdə gəzdirmirəm. 2020-ci ilin iyun ayında hərbi hissəmizdə Müdafiə Nazirliyinin və Qüvvə Qərargahının yoxlaması zamanı həmin otaqda telefonum aşkarlanaraq götürülüb. Həmin vaxt mən mühəndis kəşfiyyat qrupunun komandiri kimi vəzifə başında, xidmətdə olmuşam, telefonum isə otaqda. Yəni, qaydaları pozmamışam. Buna baxmayaraq, məni "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxdılar. Mən Müdafiə Nazirliyinə müraciət edərək bu qərara etiraz etdim, lakin müraciətimə müsbət cavab verilmədi və 2020-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxıldım".

Bundan sonra Ş.Qocayev iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

"Məhkəmə iclası 2020-ci ilin 19 oktyabr tarixinə təyin olunmuşdu. Lakin Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mənə də çağırış gəldi və oktyabr ayının 10-da böyük fəxr hissi ilə Vətənin müdafiəsi üçün döyüşlərə yollandım. 17 oktyabr tarixindən artıq düşmənlə yaxın təmasda döyüşə girdim. Döyüşlər başlayanda komandalıq tərəfindən bizə şifahi olaraq bildirildi ki, artıq xidmətə qayıtmısınız. Ona görə də atamla əlaqə saxlayıb xahiş etdim ki, məhkəmədən iddiamı geri götürsün. O da müraciət etdi və məhkəmə işə xitam verdi", - deyə o qeyd edib.

Ş.Qocayevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra o, yenidən ehtiyata buraxılıb: "Cəbrayıl, Qubadlı və Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etdim. 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olundum. Hazırda müharibə veteranı olaraq cənab Prezidentin təyin etdiyi təqaüdü alıram. Mən 2021-ci il fevral ayının 13-dək hərbi xidmətdə olmuşam. Fevralın 13-də isə bildirildi ki, Müdafiə Nazirliyininin əmrinə əsasən, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən buraxılan və Vətən müharibəsi zamanı xidmətə qayıtmış hərbi qulluqçular yenidən tərxis olunur. Bundan sonra Müdafiə Nazirliyinə müraciət etdim. 5 ay ərzində mənə cavab gəlmədi. 5 aydan sonra artıq özüm Müdafiə Nazirliyinə getdim və oradan bildirildi ki, müraciətimə müsbət cavab verilməyib".

Ş.Qocayev yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirib: "30 noyabr 2021-ci il tarixli iclasda məhkəmə müraciət müddətini ötürdüyümü əsas gətirərək iddiamı təmin etmədi. Daha sonra buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim və 12 may 2022-ci il tarixli iclasda iddiam təmin olundu. Fürsətdən istifadə edərək, ədalətli qərar qəbul etdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına, xüsusən Aida Hüseyn, Səadət Bəktaşi və Azər Hüseynova, hüquqlarımı təmənnasız olaraq yüksək səviyyədə müdafiə edən vəkilimə (vəkil adının çəkilməsini istəmir), eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasınının sədri Anar Bağırova minnətdarlığımı bildirirəm. İndi iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılıb. Mən ölkəmizdə məhkəmə-hüquq sisteminin şəffaflığına, məhkəmələrin ədalətinə hər zaman güvənmişəm. Ona görə də inanıram ki, Bakı İnzibati Məhkəməsi də ədalətli qərar çıxaracaq və mən yenidən ordu sıralarına bərpa olunacağam".

O, Müdafiə Nazirliyinə, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevə müraciət edərək ordu sıralarına qaytarılması üçün kömək istəyib.

"Biz 30 il idi ki, torpaqlarımızın işğaldan azad olunmasını həsrətlə gözləyirdik. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti sayəsində biz nəhayət düşmən üzərində Qələbə qazandıq, xalqımız böyük sevinc hissi yaşadı. Buna görə Prezidentimizə hər zaman minnətdarıq. Mən çox xoşbəxtəm və qürur duyuram ki, Vətən müharibəsində iştirak etmişəm və möhtəşəm qələbənin qazanılmasında zərrə qədər də olsa payım var. Mən bundan sonra da hər zaman Vətənin keşiyində durmağa, onun uğrunda canımdan keçməyə hazıram. Mən həmişə fəxr etmişəm ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirəm. Təəssüf edirəm ki, komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığım “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışam. Hazırda ən böyük arzum yenidən ordu sıralarına qayıtmaq və xidmətimi davam etdirməkdir. Buna görə də Müdafiə Nazirliyinin rəhbərliyindən, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevdən xahiş edirəm ki, bu məsələdə mənə dəstək olsunlar", - deyə Ş.Qocayev qeyd edib.

Oxşar xəbərlər