Sabirabadda "Açıq mikrofon" aksiyası keçirilib


  • 18 May 17:45

"Uzun illərdir yaşadığımız kənddə təbii qazdan istifadə edə bilmirik. Məişətdə istifadə üçün digər kəndlərdən odun alırıq. Bu da bizə əlavə xərcdi. Xahiş edirəm bizim müraciətimizə müsbət cavab verilsin".

E-huquq.az xəbər verir ki, bu sözləri Sabirabad rayonunun Nəsimi kənd sakini Gülxanım Hüseynova "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Digər çıxış edən vətəndaşlar da sözügedən kəndin meşə zolağından kənarda yerləşdiyini, mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən isə payız-qış mövsümlərində təbii qaz olmaması səbəbindən daha çox əziyyət çəkdiklərini bildiriblər.

Kənd sakinləri 300-dək fərdi yaşayış evi olan bu kəndin təbii qazla təmin olunmasını xahiş ediblər. Aksiyada vətəndaşlarla yanaşı, sahibkarlar da iştirak edib. Quşçuluq təsərrüfatı və istixana fəaliyyəti ilə məşğul olan Vaqif Əhədov təbii qaz təminatında heç bir problemin olmadığını qeyd edərək, Birlik rəhbərinə təşəkkür edib.

Sahibkarlıq subyekti istər əhali, istərsə də qeyri-əhali abonentlərinə tətbiq olunan limitlə bağlı güzəştlərin olunmasını xahiş edib. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev daxil olan bu müraciətlə bağlı izahat verərək, təbii qazın qiymətinin tənzimlənməsinin "Azəriqaz" İB-nin səlahiyyətləri xaricində olduğunu vurğulayıb. Bildirilib ki, təbii qazın tarifinin müəyyən olunması Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

Bundan əlavə, aksiyada Birliyin, Salyan Regional qaz istismarı İdarəsinin, yerli idarəetmə orqanlarının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.

Oxşar xəbərlər