Məzmuna keç

“Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr” adlı görüş keçirildi

Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə

Bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr" adlı görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Nazirliyin və Mərkəzin rəhbər şəxsləri, "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun üzvləri, Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və ölkədə fəaliyyət göstərən çoxsaylı sahibkarlar, ictimai birliklərin və biznes assosiasiyalarının, aparıcı hüquq-konsaltinq şirkətlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və KIV rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyi Insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açaraq tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan innovasiyalar, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında "Elektron məhkəmə" informasiya sisteminin üstünlükləri barədə məlumatlandırmanın təmin edilməsidir.

Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatına əsasən ölkəmiz ən islahatçı 20 ölkə sırasına daxil edilib. Ölkədə aparılan genişmiqyaslı islahatlar öz real bəhrəsini verir və həyata keçirilən tədbirlər məhkəmə-hüquq sistemini də əhatə edir. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə bu sahədə islahatiar yeni mərhələyə yüksəlib. Bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə qanunvericilik, institusional və praktiki tədbirlər görülüb, bu məqsədlə yeni ixtisaslaşdırılmış – kommersiya məhkəmələri yaradılıb.

Sonra tədbirdə nazirliyin Informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qurbanov tərəfindən məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmetlərə əlçatanlığın asanlaşdırılması, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün yaradılmış elektron imkanlar, o cümlədən şəxsi kabinet, elektron müraciət barədə əyani təqdimatlar edilib.

Görüşdə iştirakçılarla faydalı diskussiyalar aparılıb, çıxış edənlər ədalət mühakiməsinə alçatanlığın asanlaşdırılması üzrə tətbiq olunan yeniliklərin vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb, təkliflər irəli sürüblər.