Məzmuna keç

E-huquq.az-ın 3 yaşı münasibətilə tədbir keçirildi –

E-huquq.az hüquq-informasiya portalının fəaliyyətinə başlamasının 3 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Milli Məclisin deputatları – Bəhruz Məhərrəmov, Nizami Səfərov, Aydın Hüseynov, Azər Badamov, Əminə Ağazadə, Vəkillər Kollegiyası sədrinin müavinləri Aydın Axundov, Pərviz Ələkbərov, Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova və Mediasiya Şurası İntizam Komissiyanın üzvü Mayıl Əhməd iştirak ediblər.

E-huquq.az-ın təsisçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Şaiq Mirzəyev qonaqları salamlayaraq saytın yaranması və fəaliyyəti barədə məlumat verib. O vurğulayıb ki, sayt "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanının imzalanmasından sonra yaranıb. Ş.Mirzəyev qeyd edib ki, ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı dövrdə bu istiqamətdə görülən işlərin daha geniş işıqlandırılması zərurətini nəzərə alaraq, e-huquq.az hüquq-informasiya portalının yaradılması ideyasını gerçəkləşdirib. Bildirib ki, e-huquq.az hüquq və ictimai-siyasi sahələr üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir. Saytın əsas məqsədi Azərbaycanda və dünyada baş verən mühüm hüquqi, siyasi və digər xəbərlərin operativ şəkildə oxuculara təqdim olunmasından ibarətdir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt tamlıq, operativlik və obyektivlik prinsiplərini rəhbər tutur. Qeyd edib ki, vətəndaşların hüquqi maarifləndirilməsini əsas məqsəd kimi qarşıya qoyan e-huquq.az bu sahədə bir sıra layihələr həyata keçirir. Portalda gündəlik olaraq müxtəlif mövzularda maarifləndirici yazılar dərc olunur.

Sonra çıxış edən qonaqlar e-huquq.az-ın qısa müddətdə geniş oxucu kütləsinin rəğbətini qazandığını qeyd ediblər. Saytın məhkəmə-hüquq sahəsi ilə bağlı informasiyaları operativ və obyektiv şəkildə yayımladığı xüsusi vurğulanıb. Qonaqlar e-huquq.az-ın kollektivini təbrik edib və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıblar.

Daha sonra e-huquq.az-ın əməkdaşları "Vəkillər Kollegiyasının ictimai fəaliyyətinin işıqlandırılmasına və vətəndaşların hüquqi maarifləndirilməsinə verdiyi töhfəyə görə" Fəxri Fərmanlarla təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.