Azərbaycanın Ombudsman təsisatı ilə ali qanunvericilik orqanı arasında ötən 20 il ərzində çox səmərəli əməkdaşlıq əlaqələri qurulub


  • 25 May 2022 13:03

Azərbaycanın Ombudsman təsisatı ilə ali qanunvericilik orqanı olan parlament arasında ötən 20 il ərzində çox səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlıq hazırda daha da inkişaf etdirilməkdədir. Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş səlahiyyətlər çərçivəsində ötən dövr ərzində insan hüquqlarının təmini baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq baxılmaq üçün parlamentə təqdim edilib və həmin təkliflərin bir çoxu artıq nəzərə alınıb.

E-huquq.az xəbər verir ki, bu sözləri "TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransında çıxışı zamanı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva deyib.

O bildirib ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında müstəqil fəaliyyət göstərən və insan hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizmi olan Ombudsman təsisatı, eyni zamanda, öz işini insan hüquqlarının təşviqi və müdafiəsi üzrə milli təsisatların statusu və fəaliyyəti ilə bağlı Paris Prinsiplərinə uyğun quraraq cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdə davam edir.

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsi ombudsmanın əsas fəaliyyət istiqamətini təşkil edir.

"Bildiyiniz kimi insan hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə beynəlxalq müqavilələrin ratifikasiyası prosesinin təkmilləşdirilməsi sahəsində parlamentlə ombudsmanların və milli insan hüquqları institutlarının əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir", - deyə ombudsman diqqətə çatdırıb.

Oxşar xəbərlər