"Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk".
E-huquq.az xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.
