Uzun illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olmuş, hazırda isə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynovun Hüquq fakültəsinin tələbələri ilə görüşü keçirilib.
E-huquq.az xəbər verir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Lətif Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında tələbələrə məlumat verərək dünya şöhrətli hüquqşünas alimin tələbələrlə görüşünün onların biliklərinin zənginləşdirilməsi üçün atılan mühüm addım olduğunu diqqətə çatdırıb.
Daha sonra professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası” mövzusunda mühazirə söyləyib. İki saatdan artıq davam edən mühazirədən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Professor Lətif Hüseynov bu kimi görüşlərin davamlı olacağını bildirib və tələbələrin göstərdiyi marağı və biliklərini yüksək qiymətləndirib.
Tədbirin sonunda Hüquq fakültəsinin dekanı Zaur Əliyev görüşün tələbələr üçün əhəmiyyətini vurğulayaraq professor Lətif Hüseynova vaxt ayırıb tələbələr qarşısında çıxış etdiyinə görə minnətdarlığını bildirib.
