Hüquq və İnsan Haqları İnstitutunda Moisey Bekkerin “Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimat mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, alimlər və media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Hüquq və İnsan Haqları İnstitutun xalqa, millətə, dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib. O, belə nəşrlərin geniş təqdimatının keçirilməsinin ictimaiyyət üçün əhəmiyyətli olacağına deyib.
"Bu cür kitablar coğrafi qonşularımızın psixologiyasını, davranış tendensiyalarını anlamağa kömək edəcək. Bu kitabda xeyli faktlara istinad olunub. Düşünürəm ki, bu hər kəsə maraqlı olacaq", – deyə S.Mahmuov bildirib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında təqdimatın səbəbkarı Moisey Bekkerin uzun illər Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hazırda isə müəllifin İnstitutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırıb. O, M.Bekkerin «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) kitabının obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təqdimat zamanı qeyd olunub ki, müəllif tərəfindən monoqrafiyada “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı və Rusiya imperiyalarını, eləcə də Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.
Müzakirələr zamanı iştirakçılar qatı millətçiliyin arzuolunmaz fəsadları və azad olunmuş ərazilərdə mina təhlükələrinin vətəndaşların rifahına və sosial-iqtisadi inkişafına sipər çəkməsi barədə geniş fikir mübadiləsi aparıblar.
