Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, eyni zamanda hüquq ədəbiyyatının təbliği məqsədilə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə virtual “Hüquq və insan haqları kitabxanası” yaradıb.
E-huquq.az xəbər verir ki, bu barədə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda insan haqları və hüququn müxtəlif sahələrinə dair yerli müəlliflərin yazdıqları kitablar, məqalələr, müxtəlif monoqrafiyalar və s. elektron qaydada toplanılıb.
"Bugünədək təxminən 200-dən çox kitab və məqalələr bu platformada yerləşdirilib. Azərbaycan alimlərinin, tədqiqatçılarının hüquqa və insan haqlarına dair yazdıqları bu vəsaitlər Azərbaycan, rus və ingilis dilindədir. Platformadan istifadə ödənişsizdir və hər hansı bir qeydiyyat tələb olunmur. Düşünürük ki, bu kitabxananın fəaliyyəti hüquq tələbələri, tədqiqatçılar, alimlər üçün faydalı olacaq. Hazırda biz Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərlə əməkdaşlıq ediirk. Onlara da müraciət etmişik ki, öz alimlərinin hazırladıqları vəsaitləri virtual kitabxanaya yükləsinlər. Çalışırıq ki, birlikdə bu kitabxananı zənginləşdirək və ölkəmiz üçün faydalı edək", – deyə M.Quluzadə bildirib.
Şəbnəm Mehdizadə
