Məzmuna keç

BDU-nun Hüquq fakültəsində məhkəmə simulyasiyası təşkil olunub –

Mayın 24-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Cinayət prosesi kafedrasının təşkilatçılığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclası səhnələşdirilib.

E-huquq.az xəbər verir ki, simulyasiya çərçivəsində Hüquq fakültəsinin III kurs tələbələri (1546-cı qrup) tərəfindən cinayət prosesinin məhkəmə baxışı mərhələsi səhnələşdirilib.

Rol oyunları metodundan istifadə etməklə həmin kursda cinayət-prosessual hüquq fənnini tədris edən cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova və cinayət prosesi kafedrasının dosenti Könül Hüseynova tərəfindən təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı canlandırılıb. Cinayət prosesinin əsas mərhələlərindən biri olan məhkəmə baxış iclasında rolları tələbələrdən Cavid Mirzəzadə (sədrlik edən – məruzəçi hakim), Nigar Nuriyeva və Nərminə Məmmədova (hakimlər), Samirə Kərimova (etiraz edilən məhkəmə iclas katibi), Ləman Alməmmədova (məhkəmə iclas katibi), Gülsüm Hacıyeva (dövlət ittihamçısı), Ənvər Balakişiyev (təqsirləndirilən şəxs), Aytəkin Qurbanlı (təqsirləndirilən şəxsin müdafiəçisi), Ceyran Məmmədova (zərərçəkmiş şəxsin hüquqi varisi), Nabat İsmayılova (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi), Şaiq Abdullazadə (şahid), Eltac Allahyarlı (şahid), Məhərrəm Cəfərli (şahid), Nihat Ələkbərli (şahid) və Jalə Bilallı (şahid) məharətlə canlandırıblar.

Məhkəmə baxışının gedişində özü-özünə etiraz, müşavirə otağında qərarın çıxarılması, xarici dövlətin vətəndaşının şahid qismində dindirilməsi, tərcüməçinin iştirakı və hökmün elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib.

Proses başa çatdıqdan sonra çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev məhkəmə simulyasiyalarının təskil edilməsinin əhəmiyyətindən danışıb, tələbələrin praktiki baxımdan inkişaf etməsində, prosessual normaların əyani şəkildə qavranılmasında və dərk edilməsində, tədrisin keyfiyyətinin yüksəldilməsində müxtəlif simulyasiyaların keçirilməsinin xüsusi rola malik olduğunu vurğulayıb. Eyni zamanda Zaur Əliyev məhkəmə prosesinin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkür etmiş və davamlı olmasının vacibliyini qeyd edib. O, bu cür layihələrin təşkilinin Hüquq fakültəsinin nüfuzunun artırılmasına xidmət etdiyini vurğulayaraq tələbələrə gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova tələbələrin simulyasiyanın təşkil edilməsinə xüsusi maraq göstərməsini yüksək qiymətləndirib, səhnələşdirilmiş məhkəmə prosesinin həyata keçirilməsinə hazırlıqlardan danışmış, tələbələrə uğurlar arzulayıb. Firuzə Abbasova simulyasiyaların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, elm praktikaya xidmət edir və daim onunla vəhdətdə olmalıdır. O, proses iştirakçılarının rəsmi geyim formaları ilə təmin olunmasında əməyi olan hər kəsə təşəkkür edib.

Daha sonra səhnələşdirilmiş məhkəmə simulyasiyasında sədrlik edən hakim rolunu canlandıran, Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Cavid Mirzəzadə tələbələr adından çıxış edərək fakültə rəhbərliyinə və müəllimlərə dərin təşəkkürünü bildirib.

Tədbir səhnələşdirilmiş məhkəmə simulyasiyasında müvafiq rolları canlandıran tələbələrə təşəkkürnamələrin təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.