Bahar Muradova: "Gender bərabərliyinin təmin edilməsi sahəsində Vəkillər Kollegiyası ilə əməkdaşlıq edirik"


  • 2 İyun 2023 19:46

"Azərbaycanın gender bərabərliyi sahəsində çox gözəl tarixi ənənəsi var. Biz Şərq və müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verməklə onları həm də bərabər məsuliyyət daşıyan tərəf kimi tanımışıq. Bu, ötən əsrin əvvəllərində çox böyük bir intibahın, ictimai-siyasi şüurun formalaşmasının nəticəsi idi".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, ölkəmizdə Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb.

"Qadınların inkişafı, onların səlahiyyətləndirilməsi, hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz bir cəmiyyətdə yaşaması, bir sıra mənfi stereotiplərin aradan qaldırılması istiqamətində işlər görülüb. Biz gender bərabərliyinin təbliğində ənənələrimizə söykənərək və ondan istifadə edərək qanunvericiliyimizi təkmilləşdiririk, effektiv mexanizmlər yaradırıq. Gender bərabərliyinin qorunması hüquq sahəsində fəaliyyət göstərən insanların, xüsusən vəkillərin ən önəmli hədəflərindən biridir. Təsadüfi deyil ki, biz bu sahədə Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq həyata keçiririk. Eyni zamanda hüquq müdafiəçiləri ilə səmərəli əməkdaşlıq qurmuşuq, vətəndaş cəmiyyətinin, həmçinin medianın gücündən istifadə edirik. Hesab edirəm ki, bütün bunlar cəmiyyətdə tarazlı münasibətlərin formalaşmasına, gender mədəniyyətinin təbliğinə, gender bərabərliyinin təmin olunmasına çox ciddi töhfə verəcək", - deyə Komitə sədri qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər