- 08:29
"Kibertəhlükəsizlik və xüsusən də kibercinayətkarlıq sahəsində kriptoqrafiyanın rolu xüsusi qeyd edillməlidir. Son 30 ildə əməliyyat və kəşfiyyat sahəsində kriptoqrafiya öz xüsusi çəkisi ilə seçilir. Kriptoqrafiyanın məlumatların ötürülməsi və ya deşifrə edilməsində mühüm əhəmiyyəti var. Texnologiya əsrində kibertəhlükəsizliyin əhəmiyyəti günü-gündən artır. Belə bir məqamda kriptoqrafiya mühüm mexanizmə çevrilir".
E-huquq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının Əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi Orxan Məmmədov "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da çıxışı zamanı deyib.
O bildirib ki, güvənli əlaqələrin qurulması üçün kriptoqrafiya əsas vasitələrdən biridir.
"Kriptoqrafiya məlumatların təhlükəsiz şəkildə şifrələnməsi, ötürülməsi və deşifrə olunması üçün istifadə olunan texnoloji və riyazi üsullardan ibarət elm sahəsidir. Əsas məqsəd məlumatların tam və təhlükəsiz şəkildə ötürmək və saxlanılmasını təmin etməkdir. Kriptoqrafiyanın kibertəhlükəsizlik sahəsində böyük əhəmiyyəti var. Gündəlik həyatımızda, banklar, kommunikasiya sistemləri, elektron ticarət, sağlamlıq xidmətləri, hərbi əməliyyatlar və daha çox kritik informasiya struktur mənbələri üçün kriptoqrafiya əsaslı təhlükəsizlik vasitəsidir. Həssas məlumatların elektronik mühitdə saxlanılması və əlaqələrin əksəriyyətinin elektronik platformalarda inkişaf etdiyi dövrdə bu məlumatların səlahiyyətli olmayan şəxslərin əlinə keçməsi ciddi nəticələrə səbəb ola bilər. Kriptoqrafiya texnikaları vasitəsilə məlumatlar şifrələnir və yalnız icazəli şəxslərin baxması mümkün olur. Kriptoqrafiya həm də məlumat bütövlüyünü təmin edir. Güvənli əlaqələrin qurulması üçün kriptoqrafiya əsas vasitələrdən biridir. Bu vasitə kiberhücum risklərini xeyli azaltmış olur", - deyə O.Məmmədov bildirib.
Şəbnəm Mehdizadə