İyunun ilk 11 günündə dünya üzrə temperatur ilin bu dövrü üçün rekord həddə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, iyun ayında qlobal hava istiliyi ilk dəfə sənayeləşmədən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib.
Qeyd olunub ki, Paris razılaşması ilə qlobal temperatur artımının 20 və 30 illik dövrlər üçün 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəflənmişdi.
""El Nino" hadisəsi davam edərsə, növbəti 12 ay ərzində havanın orta qlobal temperaturunun sənayeləşmədən əvvəlki dövrdən 1,5 dərəcədən çox artacağını gözləmək üçün əsas var", – Xidmətin bəyanatında deyilir.
Orta hava temperaturunun yüksəlməsi əvvəllər də 1,5 dərəcə həddini keçib. Lakin bu artım ilk dəfədir ki, iyun ayında qeydə alınıb.
1,5 dərəcə həddi ilk dəfə 2015-ci ilin dekabrında, daha sonra 2016 və 2020-ci ilin qış və yaz aylarında keçilib.
Ümumdünya Meteorologiya Təşkilatı may ayında açıqladığı hesabatda 2023-2027-ci illər üçün qlobal orta hava istiliyinin ən azı bir il ərzində sənayeləşmədən əvvəlki orta göstəricidən 1,5 dərəcə yuxarı qalması ehtimalının 66 faiz olduğunu açıqlamışdı.
Şəbnəm Mehdizadə
