BDU-nun Hüquq fakültəsində Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunan tədbir keçirildi - FOTO


  • 20 Noyabr 2023 16:42

Heydər Əliyev İli çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günündə “Ulu Öndər Heydər Əliyev və uşaq hüquqları” mövzusunda tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini bildirib.

Ulu Öndərin təşəbbüsü ilə 19 may 1998-ci ildə Uşaq hüquqları haqqında Qanunun qəbul edildiyini bildirən dekan bu mühüm qanuvericilik aktının Uşaq hüquqları haqqında Konvensiyaya və digər beynəlxalq hüquqi normalara uyğun olaraq, Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən etdiyini qeyd edib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin artıq milli strategiya kimi formalaşdığını diqqətə çatdıran dekan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsini ehtiva etdiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu vurğulayan fakültə dekanı Heydər Əliyev Fondunun uşaqların sosial müdafiəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər dekan müavini Aytəkin İbrahimova, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, tələbələr Eltac Allahyarlı, Səma Cəfərova, Ləman Abdullayeva, Güllü Abbasova, İsmət Bayramov Ulu Öndər Heydər Əliyevin uşaqlara olan hədsiz sevgisindən və qayğısından ətraflı bəhs ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.

Oxşar xəbərlər