Əməkdar hüquqşünas İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO


  • 2 May 22:38

Mayın 2-də Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdindəki Cinayət Hüququ Klubunun (CLC) “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti tədbiri keçirilib.

E-huquq.az xəbər verir ki, layihənin bu dəfəki qonağı Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq üzrə Ekspert Şurasının sədri, Rusiya Elmlər Akademiyasının akademiki, Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov olub.

Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor İlham Rəhimovun həyat və elmi fəaliyyəti, onun hüquq elminə verdiyi töhfələri haqqında çıxış edib, alimin cinayət və cəza-icra hüququ sahələri üzrə yüzə yaxın elmi məqalənin, məhkəmə hakimiyyəti və cinayət qanunvericiliyinin fundamental problemlərinə həsr olunmuş bir çox monoqrafiyaların müəllifi olduğunu qeyd etmiş, yaradıcılığında “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri”; “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi”; “Cəzanın fəlsəfəsi və onun vəzifəsi problemləri”; “Cinayətkarlıq və cəza”; “Ölməz ölüm cəzası”, “Dünyəvi dinlərdə cinayət və cəza” və s. monoqrafiyalarının mühüm yer tutduğunu, bu əsərlərin bir çox xarici dillərə tərcümə edildiyini qeyd edib. Sonra dekan Zaur Əliyev tərəfindən professor İlham Rəhimov hüquq elminin inkişafında xidmətlərinə görə Hüquq fakültəsinin təsis edilməsinin 95 illiyi ilə əlaqədar təltif edilib.

Professor İlham Rəhimov öz çıxışında BDU-nun Hüquq fakültəsinin milli hüquqşünas kadrların yetişməsində müstəsna xidmətlərini qeyd edərək, müasir zamanda cinayət hüququnun inkişaf mərhələlərindən, hüquq kateqoriyaları olan cinayət və cəza institutlarına fəlsəfi, mənəvi, dini baxışlar prizmasından yanaşaraq ətraflı məlumat verib, həmçinin tələbələrin cinayət hüququnun müxtəlif institutları ilə bağlı çoxsaylı suallarını maraqla qarşılamış və onlara ətraflı cavab verib. Tələbələrlə görüş interaktiv qaydada keçirilib, tələbələr xüsusi fəallıqla onları maraqlandıran suallar ətrafında layihənin qonağı ilə diskussiya aparıblar.

Tədbirdə BDU-nun Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Aviasiya Akademiyasının tələbələri və müəllimləri də iştrak ediblər.

Sonda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova professor İlham Rəhimova Azərbaycan cinayət hüquq elmini dünyada geniş təbliğ etdiyinə və vaxt tapıb bu tədbirə gəldiyinə və tələbələrlə öz biliklərini bölüşdüyünə görə tədbir iştirakçıları adından minnətdarlığını bildirərək Cinayət Hüququ Klubunun “Fəxri üzv”lüyünə dair təltifnamə təqdim edib.

Oxşar xəbərlər