BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə "Respublika Hüquq Olimpiadası" keçirilib - FOTO


  • 8 May 11:16

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" keçirilib.

E-huquq.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən Olimpiada olaraq respublikamızda ilk dəfədir ki, keçirilir.

Respublika Hüquq Olimpiadasının açılış mərasimində çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Heydər Əliyev Fondunun 20 illiyinə həsr edilmiş və ölkəmizdə ilk dəfə keçirilən Olimpiadanın Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, hüquq islahatlarının banisinin məhz xalqımızın Ümummilli Lideri olduğunu qeyd etmişdir. Ümummilli Lider Heydər Əliyevin bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini bildirib.

"Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür. Fond Ümummilli Liderimizin adını ləyaqətlə daşıyır, onun xeyirxahlıq missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla davam etdirir. 20 il ərzində Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu çox böyük işlər görüb, böyük layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biri də məhz təhsilin inkişafı, təhsilin dəstəklənməsidir. Bu illər ərzində Fond tərəfindən yüzlərlə məktəb tikilib. Ən ucqar dağ kəndlərində belə yeni texnologiyalarla təchiz olunmuş məktəb və bağçalar istifadəyə verilib. Eyni zamanda Heydər Əliyev Fondu fəal şəkildə gəncləri dəstəkləyib. Yüzlərlə gəncimiz məhz Fondun dəstəyi ilə müxtəlif xarici ölkələrdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşıb. Bu gün həmin şəxslər öz Vətəninə xidmət edir. Bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə öz təşəkkürümü bildirirəm", - deyə dekan Zaur Əliyev qeyd edib.

Olimpiadanın açılış mərasimində Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri Turqay Hüseynov, Kollegiyanın üzvləri, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Ədliyyə Nazirliyinin idarə rəisi Aynur Sabitova, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Münsiflər heyətinin tərkibi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Ruslan Vəliyev, Sevinc Əliyeva və Rəşad Səfərov iştirakçılara təqdim edilib.

Olimpiadada hər komandada 5 nəfər olmaqla, 7 komanda (Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Polis Akademiyası, Naxçıvan Dövlət Universiteti) şəklində hüquqşünaslıq ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr iştirak etmişlər. Olimpiada 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələdə komandalar hüququn əsas sahələri (beynəlxalq hüquq, konstitusiya hüququ, cinayət hüququ və mülki hüquq) üzrə sualları cavanlandırmışlar. Ümumi nəticəsi yüksək olan 4 komanda (Bakı Dövlət Universiteti, Polis Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası) 2-ci mərhələdə iştirak etməyə haqq qazanıb.

Final mərhələsi olan 2-ci mərhələdə isə təqdim olunan müvafiq hüquq sahələri üzrə kazuslar komandalar tərəfindən həll edilib. Yekunda ən yüksək bal toplayan Milli Aviasiya Akademiyasının komandası münsiflər heyəti tərəfindən qalib elan edilib.

2-ci yeri eyni nəticə ilə Bakı Dövlət Universiteti və Polis Akademiyası komandaları bölüşüb, Dövlət İdarəçilik Akademiyasının komandası isə 3-cü yeri tutub. Respublika Hüquq Olimpiadasında iştirak etmiş komandalar müvafiq hədiyyə, sertifikatlar və diplomlarla mükafatlandırılıb.

Olimpiadanın tərəfdaşları qismində “Mirzəyev və partnyorları” hüquq şirkəti, “Civillex” konsaltinq şirkəti, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosu, “VLM və partnyorları” hüquq şirkəti, “Vəkil Adəm Məmmədov – hüquqi xidmətlər” hüquq şirkəti çıxış ediblər.

Oxşar xəbərlər