Əbədiyaşar lider


  • 10 May 11:15

“Xalqımız üçün qürur hissini yaradan, iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var”. Bu sözlər böyük şəxsiyyət Heydər Əliyevə məxsusdur. Söylədiyi fikirlərlə hər birimizə əbədi olaraq müdrik bir nəsihət ötürən Ulu Öndərin ömrünün hər anı xalqa məhəbbət hissləri ilə yadda qalıb, tarixin unudulmaz səhifəsinə çevrilib. Həyatının bütün qayəsini doğma yurdumuzun işıqlı sabahı naminə şam kimi əridən, ağrı-acısını qəlbində daşıyan Heydər Əliyevin həyat və fəaliyyəti bugünkü və gələcək nəsillər üçün qürürverici örnəkdir.

Xəritədə çox kiçik görsənməyinə baxmayaraq, ən böyük beynəlxalq layihələrin, tədbirlərin mərkəzinə çevrilən, az qala dünyanı özünə sığışdıra bilən Azərbaycanın əsrarəngiz inkişafı məhz Heydər Əliyevin uğurlu dövlət strategiyasının davamı kimi qiymətləndirilir.

Çox da uzaq olmayan bir keçmişə nəzər salsaq xatırlayarıq ki, hələ 90-cı illərin əvvəllərində, Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdır. Tarixin acı dərsləri xalqa bir şeyi öyrətdi: vətənin, torpağın taleyi etibarlı əllərdə olmalıdır. Dövlətin gələcəyi dərin zəkalı, dünya miqyasında tanınan, sayılan və yüksək hörmət bəslənilən şəxsə - yalnız və yalnız Heydər Əliyevə etibar edilə bilərdi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Ümummilli Lider həm daxili, həm də beynəlxalq münasibətlər sistemində də dövlətimizin mövqeyini müdafiə etməyi bacardı. Dünya liderləri arasında böyük etimad və hörmətlə qəbul edilən bu şəxsiyyətin Azərbaycanda hakimiyyətə qayıtması yeni – Heydər Əliyev dövrünün əsasını qoydu.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - deyən Ümummilli Liderimizin bu fikirləri yeni dövrün iqtisadi gerçəkliklərini yaratdı. Əsrin müqaviləsinin reallaşması neft kapitalının insan kapitalına çevrilməsinə, təhsilin, mədəniyyətin, idmanın inkişafına və neçə-neçə böyük layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Və bu strategiyanın davamının ən parlaq nümunəsi isə, fəxr etdiyimiz doğma Azərbaycanımızın bu gün qazandığı möhtəşəm qələbələr və böyük uğurlardır. Beləliklə, Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən neft-qaz strategiyası Azərbaycanı dünyada lider ölkələrdən birinə çevirmişdir.

Heydər Əliyev öz fəaliyyətində və siyasi təcrübəsində hər zaman elmi fikrin inkişafı, ədəbiyyat və incəsənət, təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Azərbaycanın gələcəyini düşünən müdrik rəhbər gənc nəslin problemlərini də heç vaxt unutmurdu. Heydər Əliyevin gənclərlə keçirdiyi görüşlərdə, apardığı söhbətlərdə bir məqam qırmızı xətt kimi yadda qalırdı. Dövlətin tərəqqisinin yeqanə yolu yüksək təhsilə nail olmaq, maariflənmək, müasir elmi biliklərə yiyələnməkdir. Bunu nəzərə alan ölkə rəhbəri, zəngin maddi-texniki bazaya məxsus təhsil müəssisələrinin genişləndirilməsi, gənclərin dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi, hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm işlər həyata keçirmişdir.

Fitri idarəetmə istedadına malik olan Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra dövlət strukturlarının təşkili, yenidən qurulması, təkmilləşdirilməsi ən vacib islahatlardan sayılırdı. Bu mənada qeyd etmək yerinə düşərdi ki, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması, inkişafı bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Ədliyyə sistemində həyata keçirilən ardıcıl məqsədyönlü islahatlar bu qurumun gələcək inkişafı üçün də böyük zəmin yaratmışdır.

Qanunun aliliyi prinsipini daim təbliğ edən Ümummilli Liderin güclü məntiqə, qətiyyət və cəsarətə söykənən humanizm ideyalarının tətbiqi dövlət quruculuğunun əsas kursunu müəyyənləşdirdi. Ulu Öndər ədliyyə və məhkəmə islahatlarının müəllifi kimi qiymətli bir irsin banisinə çevrildi.

Heydər Əliyev öz fəaliyyəti dövründə ordu quruculuğu sahəsində də mühüm işlər həyata keçirmişdir. O demişdir ki, müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun.

Gələcəyi heyratamiz uzaqqörənliklə qiymətləndirməyi bacaran dahi şəxsiyyətin gərgin zəhməti hesabına ölkəmizdə güdrətli milli ordunun yaranması, onun bu gün dünyanın güclü orduları sırasında yer alması, bu arzuların həyata keçməsinin bariz nümunəsidir. Ulu Öndərin Azərbaycanı dünyaya tanıda bilən hərbi sərkərdə arzusunu həyata keçirən güdrətli fatehin imzası isə yenə də böyük şəxsiyyətin adı ilə bağlı oldu - İlham Heydər oğlu Əliyev. Bəli, ata vəsiyyətini yerinə yetirən, doğma Qarabağ torpaqlarını, gözəl Şuşanı düşməndən azad edərək Azərbaycana qovuşduran, Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasətinin uğurlu davamçısı və varisi.

Azərbaycan dövlətini qurub onun tarixini yaradan bu böyük şəxsiyyətin xalq qarşısında əvəzsiz xidmətlərini, həyat və fəaliyyətini bir neçə vərəqə sığışdırmaq əlbəttə ki, qeyri-mümkündür. Bəzən isə, işıqlı siması, müdrik baxışları, səmimi təbəssümü ilə yaddaşlarımızda iz qoyan, qəlbimizdə müdrik rəhbər sevgisini qazanan Ulu Öndər haqqında keçmiş zamanda danışmaq inandırıcı görünmür, çünki bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlarda bu möhtərəm insanın gərgin əməyinin və zəhmətinin izləri vardır.

10 may 2024-cü il. Ulu Öndərimizin anadan olmasının 101-ci ildönümü xalqımız tərəfindən həmişə olduğu kimi, bu gün də dərin hörmət və ehtiramla qeyd olunur. Doğma yurdumuzun çiçəklənməsi naminə bütün ömrünü xalqının, millətinin rifahına həsr edən, Azərbaycana baharı gətirən böyük şəxsiyyət öz varlığı ilə insanların qəlbində həm də bir zirvə - Heydər Əliyev zirvəsini yaratdı. Çox sevdiyimiz həzin bir musiqinin sözlərində deyildiyi kimi:

Günəş doğur, elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
"Azərbaycan" deyəndə səni düşünürük biz,
Azadlığı, inamı xalqa sən bağışladın...
Sən elə bir zirvəsən - küləklər neyləyəcək?!
Dünənim, bu günümsən - səninlədir gələcək!..
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər "xalqım" deyəcək, xalq "Heydər" söyləyəcək...

Məryəm Abdullayeva

Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin əməkdaşı

Oxşar xəbərlər