Məzmuna keç

IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib –

Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib.

E-huquq.az xəbər verir ki, bu sözləri SEPAH-ın ərazi üzrə komandanı Əsgər Abbasquluzadə deyib.

"Bir neçə dəqiqə əvvəl helikopterdə olan ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub. Hazırda biz bütün qüvvələrlə sözügedən bölgəyə yola düşürük", – deyə o bildirib.

***

20.42

İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.

Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.

Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.

Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə qatı duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.

***

18.56

İran prezidenti İbrahim Rəisini aparan helikopterin sərt eniş etdiyi əraziyə 8 təcili yardım maşını göndərilib.

E-huquq.az-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziyə çatmaq üçün bütün tədbirlər davam etdirilir.

***

18.32

“İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir”.

E-huquq.az xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.

Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib.

***

17.40

Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avtomobillə Təbrizə yola düşüblər.

E-huquq.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

***

17.06

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

E-huquq.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***

16.54

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.