16-18 may 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Balıkesir Universitetinin təşkilatçılığı ilə İnzibati hüquq və inzibati yurisdiksiyaya dair beynəlxalq simpozium təşkil edilib.
E-huquq.az xəbər verir ki, simpoziumun builki mövzusu süni intellekt və hüquq məsələlərinə həsr olunub.
10-a yaxın xarici təhsil müəssisəsini əhatə edən simpoziumun əsas tərəfdaşlarından biri də məhz Bakı Dövlət Universitetinin Hüquq fakültəsi olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevə açılış nitqi üçün söz verilib, eyni zamanda dekan simpoziumun bir bölümü üzrə moderator qismində iştirak edib və məruzə ilə çıxış edib. Zaur Əliyev öz nitqində simpoziumun təşkilatçılarına, xüsusilə də Balıkesir Universitetinin rektoru hüquq elmləri doktoru, professor Yücel Oğurluya öz minnətdarlığını bildirib. Hüquq fakültəsinin dekanı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda apardığımız haqq savaşında – 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına göstərdiyi mənəvi dəstəkdən söz açıb, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliklə söylədiyi “bir millət, iki dövlət” şüarının Azərbaycan-Türkiyə qardaşlığının məhz bugününə işıq tutduğunu vurğulayıb.
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində yüksələn xətlə inkişaf etməsindən söz açan dekan, cari simpoziumun bunun bariz nümunəsi olduğunu qeyd etməklə yanaşı, əsası qoyulan Azərbaycan-Türkiyə Universitetinin iki ölkə arasında elm və təhsil əlaqələrinin daha da genişlənməsində və tərəqqisində mühüm rol oynayacağını bildirib. Dekan öz çıxışında həmçinin Türk Şurasının bugünkü inkişaf perpektivlərinə toxunmuş, regionda və dünyada sülhün və ədalətin bərqərar edilməsində türk dünyasının əvəzsiz rola malik olmasından bəhs edib.
Zaur Əliyev eyni zamanda Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcəyini və bunun dünya miqyasında ölkəmizə olan yüksək etimadın və inamın, həmçinin Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində etibarlı tərəfdaş kimi tanınmasının göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan təcrübəsində hüquq sahəsi və hüquq təhsilində süni intellektin tətbiqi mövzusundan bəhs edən Zaur Əliyev İKT-nin cəmiyyətin inkişafında mühüm rola malik olması, bununla bağlı Azərbaycanda qəbul edilən dövlət proqramlarının əhəmiyyəti, məhkəmə-hüquq sistemində elektronlaşma prosesi, məhkəmələrdə işlərin elektron qaydada bölüşdürülməsi təcrübəsi, “Elektron məhkəmə” informasiya sistemindən istifadənin təşviq edilməsi, süni intellektin hüquq sahəsində tətbiq edilməsi istiqamətində Azərbaycanda və dünyada aparılan tədqiqatların əhəmiyyəti barəsində də ətraflı məlumat verib.
Simpoziumda onlayn çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev hüquq təhsili, insan hüquqlarının müdafiəsi və informasiya mübadiləsi sahəsində Türkiyə və Azərbaycan əməkdaşlığını ətraflı şərh etmiş, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru Turqay Hüseynov informasiya sahəsində məlumatlılıq və maarifləndirmə işinin hüquqi aspektləri, həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva İnternet əlyetərliliyinin hüquqi təminatları mövzusunda tezislə çıxışlar ediblər.
Sonda Balıkesir Universitetinin rektoru professor Yücel Oğurlu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına iştiraka görə təşəkkürünü bildirib, eyni zamanda bu cür mühüm əhəmiyyət kəsb edən və ali təhsil müəssisələrinin əməkdaşlığına əsaslanan beynəlxalq simpoziumların davamlı olacağına inamını ifadə edib.
