Deputat: "Nikah müqaviləsini icbari formata salmalıyıq"


  • 24 May 15:45

"Biz nikah müqaviləsini icbari formata salmalıyıq. Necəki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müarciət edərkən nikah müqaviləsi də aidiyyatı icra orqanına təqdim edilməlidir".

E-huquq.az xəbər verir ki, bu təkliflə deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov çıxış edib.

Onun sözlərinə görə, müqavilə nümunəsi Ailə Məcəlləsinə əlavə olunmalıdır: "Xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə edə bilərlər. Üstəlik, nikah kontraktında ərin (arvadın) öhdəlikləri üzrə tutmanın digərinin mülkiyyətində olan əmlaka, habelə ümumi əmlakındakı payına yönəlməsini yalnız tərəfin özünün bir başa iradəsinə bağlamalıyıq. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısı ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq".

Deputatın fikrincə, nikah müqaviləsi olduğu halda boşanma prosesi məhkəmələrdə yox, Qeydiyyat idarələrində həyata keçirilə bilər.

"Bilirsiz, biz bəzən reallığı görməyə bilirik, amma məhkəmə zalları çox şeyə şahiddir. Məsələn, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur. Ümumiyyətlə biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa, başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa, biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik. Nikah könüllü ittifaqdır, adam istəmirsə onun aylarla məhkəmədə sürünməsinə nə gərək var? Barışma ehtimalı varsa, zatən mediasiya prosesində müəyyən olunacaq. Digər vacib məsələ, bizim qanunvericilik faktiki olaraq nə erkən nikaha, nə də qohum evliliyinə münasibətdə heç bir təsir gücünə malik deyil. Düzdür, Cinayət Məcəlləsində 16 yaşına çatmayan şəxsə münasibətdə 152 və 153-cü maddələr var, məzmununu qabartmaq niyyətində deyiləm, amma bu erkən nikahı əhatələmir. Ona görə də istər erkən nikahlar, istərsə də qohum evlilikləri məsələsinə dair yeni müddəaların qanunvericiliyə daxil edilməsi zəruridir", - deyə B.Məhərrəmov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər