"Qloballaşan dünyada kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələlərdən birinə çevrilib".
E-huquq.az xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.
O bildirib ki, Azərbaycanda informasiya məkanının kibertəhdidlərdən qorunması milli təhlükəsizliyin qorunmasında əsas istiqamətlərdəndir: "Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında qeyd etdi ki, dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün üzvləri texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsinə hazır olmalıdır. Əks təqdirdə, biz geridə qalacağıq. Hesab edirəm ki, bütün qurumlar və cəmiyyət bunu özünə vəzifə bilməlidir. Biz bu vəzifənin icrası üçün resurslarımızı səfərbər etməliyik. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası olaraq kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə töhfə verəcək bütün təşəbbüslərə dəstək verməyə çalışırıq".
Şəbnəm Mehdizadə
