Məzmuna keç

“Ali təhsil müəssisələri əmək bazarının subyektləri ilə qarşılıqlı fəaliyət göstərməlidir” –

"İnformasiya təhlükəsizliyi üzrə Dövlət Proqramında belə bir bənd var ki, ali təhsil müəssisələri əmək bazarının subyektləri ilə qarşılıqlı fəaliyət göstərməlidir. Maraqlıdır ki, universitetlər əmək bazarının nümayəndələri ilə hansı işləri görür?"

E-huquq.az xəbər verir ki, bu sualla Dövlət Təhlüləsizliyi Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən "III Milli Kibertəhlükəsizlik Forumu"nda iştirak edən ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov suala cavabında deyib ki, əmək bazarı ilə əməkdaşlıq etməyən universitetlərin məzunları iş tapmaqda böyük problemlər yaşayacaq: "Bunun üçün universitetlərə tam sərbəstlik verilib. Bizim ali məktəbdə təhsil alan tələbələr ikinci kursdan etibarən yay aylarında istehsalat təcrübəsində olmalı və hesabat verməlidirlər. Bunun nəticəsidir ki, 5-ci kursda təhsil alan tələbələrimiz diplom almadan işləyirlər. Biz əmək bazarının içindəyik".

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov isə bildirib ki, universitetlər əmək bazarının subyektləri ilə ikitərəfli əməkdaşlığa dair çağırışlarına yetərincə müsbət cavab almır: "Mövcud akademik qaydalara görə ali məktəblərin kifayət qədər manevr imkanları var. Fənn sillabuslarını, fənlərin məzmunlarını universitetlər özü müəyyənləşdirir. Burada məsələ başqadır. Universitetlər əmək bazarının subyektləri ilə ikitərəfli əməkdaşlığa dair çağırışlarına yetərincə müsbət cavab almır. Təkliflər alırıq. Lakin bu, yetərli deyil. Akademik platformanın yaradılması məqsədəuyğun olardı".

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin fikrincə, universitetlərin məsuliyyəti əmək bazarına inteqrasiya ilə ölçülür: "Proqramlar hazırlananda mütləq şəkildə əmək bazarının bütün tələbləri nəzərə alınmaqla ciddi monitorinq əsasında ixtisaslar üzrə tələblər formalaşmalıdır. Bütün təhsil proqramları, xüsusilə də kibertəhlükəsizlik və süni intellekt məsələsi çox praktiki, əmək bazarının dəyişən tələblərinə cavab verə biləcək proqramlar əsasında formalaşmalıdır. Bu proqramlar da əmək bazarına inteqrasiyanı formalaşdırmalıdır. Əmək bazarında olan tədqiqatçılar və mütəxəssislər mütləq şəkildə universitetlərlə əməkdaşlıq etməlidirlər".

Şəbnəm Mehdizadə