“Azərbaycan müstəqillik qazandıqdan sonra 2 müxtəlif sahədə beynəlxalq təcrübəyə əsaslanır. Onlardan biri məhkəmə, digəri isə seçki sisteminin təkmilləşməsidir. Bu mənada deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə keçirdiyi tədbirlər artıq öz bəhrələrini verir”.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirədə söyləyib.
“Prezident İlham Əliyev cari ilin iyun ayının 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladıqdan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətə başladı. İlk atdığımız addımlardan biri maarifləndirmə işi və namizədlərin qeydə alınması məsələsi oldu. Daha sonra təşviqat mərhələsi və namizədlərə şəraitin yaradılması ilə bağlı müvafiq addımlar atılacaq. Amma əsas məsələ namizədliyin qeydə nalınması və şikayətlərə məhkəmə qaydasında baxılmasıdır. İndiyədək 1048 nəfərin namizədliyi irəli sürülüb. Bu, Milli Məclisdə olan 1 yerə 8 nəfərdən çox iddiaçının olması deməkdir. Onlardan kifayət qədəri öz imza vərəqlərini götürüb və öz dairələrindən Seçki Məcəlləsinin tələbinə görə 450 imza və ona əlavə olunan sənədlərlə birgə təqdim ediləcək. Bu ərəfədə iddiaçı və Komissiya tərəfindən mübahisələndirilən məsələlər olur. Buna görə də ilk iclaslardan mübahisələrə baxılması üçün Mərkəzi Seçki Komissiyasında 9, Dairə Seçki Komissiyalarında 3, Aşağı Seçki Komissiyalarında isə 3 nəfərdən ibarət işçi qrupu yaradılır. Həmin işçi qrupları artıq fəaliyyət başlayıblar. Çünki namizədlərin sənədlərinə baxılan zaman hansısa arzu edilməyən hal olduqda şikayət edilir. Buna görə də bizim ilk əməkdaşlığımız məhkəmə orqanları ilə başlayır”, – deyə o bildirib.
Məzahir Pənahov qeyd edib ki, MSK-ya artıq 1 şikayət daxil olub: “Şikayətə baxacağıq və bizim şikayətimizdən Apellyasiya Məhkəməsinə müraciət ediləcək. Son bir neçə seçkilərdə məhkəmə səviyəsinə qaldırılan sənədlərin və məhkəmə orqanlarının həmin sənədlərə və müraciətlərə baxılması barəsində narazılıqların sayı dəfələrlə azalıb”.
Şəbnəm Mehdizadə
