Bu günlərdə ölkə başçısı İlham Əliyev Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiqlədi. Sənəddə öz əksini tapan çoxsaylı məsələlərdən biri də Bakı şəhərində metro stansiyalarına yeni adların verilməsi olub. Bəs görəsən, Sərəncamdan irəli gələn bu dəyişikliklər hansı metro stansiyalarına şamil ediləcək?
Mövzu ilə bağlı e-huquq.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov yeni adlarla bağlı fikirlərini bölüşüb.
"Düşünürəm ki, yeni adlar məhz suverenlik, konstitusiya terminləri ilə bağlı olmalıdır. Həmçinin yeni stansiyalarda suverenliyimizlə bağlı atributlar əks oluna bilər. Bildiyimiz kimi, tikilməkdə olan metrostansiyalara ənənəyə uyğun olaraq şərti ad verirlər. Məsələn, Tibb Universitetinin yaxınlığında, Cəlil Məmmədquluzadə küçəsində yeni stansiya tikilib. Onun şərti adı B4-dür. Stansiya demək olar ki, hazırdır və son tamamlıq işləri gedir. Həmin stansiyaya "Konstitusiya ili" ilə əlaqəli hər hansı bir ad verilə bilər. Mövcud olan bəzi metro stansiyalarının adları da dəyişilə bilər", – deyə Ə.Hüseynov qeyd edib.
Ekspert deyib ki, konkret hansı stansiyaların adlarının dəyişəcəyini indidən söyləmək çətindir: "Lakin düşünürəm ki, "Ulduz" stansiyasının adı dəyişilə bilər. Bu stansiyanın yaxınlığında Sovet dövründən qalmış sənaye müəssisələri var idi. Həmçinin SSRİ-nin əsas simvollarından biri beşgüşəli qırmızı ulduz idi. Bu mənada o stansiyanın adı dəyişdirilə bilər. Daha əvvəl Məşədi Əzizbəyov stansiyasının adı dəyişdirilərək "Koroğlu"stansiyası oldu. Hər halda bəzi stansiyalarda bu kimi dəyişikliklər ola bilər. İstərdim ki, stansiyalardan birinə Məhəmməd Əmin Rəsulzadənin adı verilsin. Bir metro stansiyanın adı isə "Qarabağ" stansiyası olsun”. Hesab edirəm ki, qərar verərkən xalqımızın dəyərləri nəzərə alınmalıdır. Həmçinin ictimai rəy də öyrənilsə, daha yaxşı olardı".
Şəbnəm Mehdizadə
