Məzmuna keç

Tokiodan ABŞ-a uçan təyyarə məcburi eniş etdi

Yaponiyanın paytaxtı Tokiodan ABŞ-ın Texas ştatının Hyuston şəhərinə uçan sərnişin təyyarəsində insident yaşanıb.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, 24 may tarixində "All Nippon Airways" aviaşirkətinə məxsus təyyarə Haneda Hava Limanından havaya qalxaraq Corc Buş Qitələrarası Hava Limanı istiqamətində yola düşüb.

Federal Təhqiqat Bürosu (FBI) və Sietl Hava Limanı idarəsinin açıqlamasında bildirilir ki, uçuş zamanı bir sərnişin iki təcili çıxış qapısını açmağa cəhd göstərib.

Hadisə ilə əlaqədar təyyarə Sietl-Takoma Beynəlxalq Hava Limanına yönləndirilib. Təxminən 10 saatlıq uçuşun ardından qapını açmağa çalışan sərnişin tibbi müayinə üçün xəstəxanaya aparılıb.

Bundan əlavə, uçuşun gecikməsinə əsəbləşən başqa bir sərnişin təyyarənin tualet qapısını yumruqlayıb və nəticədə təyyarədən endirilib.

Federal Aviasiya Administrasiyası (FAA) insidentlə bağlı açıqlamasında bildirib: “Uçuşun istiqamətinin dəyişdirilməsi sərnişinin yaratdığı narahatlıq səbəbindən baş verib”.

Təyyarə, Sietldəki məcburi enişdən sonra Hyuston istiqamətində yenidən havaya qalxıb.

Şəbnəm Mehdizadə