Yunanıstanın Orta Makedoniya bölgəsində "Strep-A" bakteriyasının sürətlə yayılması səbəbilə 9 məktəbdə tədrisə müvəqqəti fasilə verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
İlk yoluxma halları Selanik şəhərinin Kalamarya rayonundakı bir məktəbdə aşkarlanıb. Qısa müddətdə bakteriyanın yayılması nəticəsində həmin ərazidə yerləşən 3 ibtidai məktəb və 2 uşaq bağçası müvəqqəti olaraq bağlanıb.
Bundan əlavə, Serez şəhərində də "Strep-A" bakteriyası aşkarlanan 4 məktəbdə profilaktik məqsədlə tədris dayandırılıb.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) bakteriyanın yüksək yoluxuculuğa malik olduğunu bildirərək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət edilməsini tövsiyə edib.
Səhiyyə rəsmiləri bakteriya ilə yoluxmuş şəxslərin antibiotik müalicəsinə başladıqdan sonra ən azı 24 saat evdə qalmasının vacib olduğunu vurğulayıb. Həmçinin vəziyyətin nəzarət altında olduğunu və panikaya ehtiyac olmadığını bildiriblər.
Şəbnəm Mehdizadə
