Məzmuna keç

“Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun qərarına dəyişiklik edildi

"Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

Qərara əsasən, dəyişiklik və əlavələr aşağıdakı kimi göstərilib:

– "Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır" ifadəsində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilir.

– "Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir" ifadəsi – “Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir” ilə əvəz edilib.

– Məhkəmə qətnaməsi MPM-nin 227-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilməli, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli və elektron kabinetdə yerləşdirilməlidir.

– "Məhkəmələrin diqqətinə çatdırılsın ki, dərhal icra olunma hallar (Azərbaycan Respublikası MPM-nin 235-ci maddəsi) istisna olmaqla, qətnamə qanunu qüvvəyə mindikdən sonra icra edilir. Digər hallarda qətnamənin dərhal icrası məqsədə müvafiq hesab edildikdə məhkəmə bunu öz qətnaməsində əsaslandırmalıdır" ifadəsində “MPM-nin 235-ci maddəsi” sözləri “MPM-nin 234.2-ci maddəsi” sözləri ilə əvəz edilir, həmin bəndin ikinci cümləsi çıxarılır;

– “Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin icrasının dönüşü məsələsini həll edə bilər” sözləri “məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir” sözləri ilə əvəz edilir;

– “Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar.