ABŞ-də aparılan araşdırma zoğal şirəsinin diş ərpinin yaranmasına səbəb olan bakteriyaların çoxalmasını zəiflədə biləcəyini üzə çıxarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İllinoys Universitetinin tədqiqatçıları zoğal şirəsinin ağız boşluğu və diş sağlamlığına təsirini araşdırıblar.
Tədqiqatda 8 yetkin və 14 uşaq olmaqla, ümumilikdə 22 nəfər iştirak edib. İştirakçılara müxtəlif günlərdə təmiz zoğal şirəsi, tərkibində 27 faiz zoğal şirəsi olan şirinləşdirilmiş içki və su verilib.
Nəticələr göstərib ki, təmiz zoğal şirəsi qəbul edən iştirakçılarda diş ərpində bakteriyaların çoxalması yetkinlərdə 44 faiz, uşaqlarda isə 33 faiz azalıb.
Tədqiqatçılar həmçinin zoğal şirəsinin diş ərpində turşu istehsalını əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər.
Araşdırma zamanı tərkibində 27 faiz zoğal şirəsi olan şirinləşdirilmiş içkinin diş ərpində bakteriyaların çoxalmasını azaltmaq baxımından eyni təsiri göstərmədiyi məlum olub.
Alimlər zoğalda olan proantosianidin adlı birləşmələrin diş çürüməsinə səbəb olan bakteriyaların çoxalmasını zəiflədə biləcəyinə diqqət çəkiblər.
Tədqiqatçılar zoğal şirəsinin diş çürüməsinin qarşısını alıb-almadığının hələlik məlum olmadığını vurğulayıblar.
İştirakçıların sayının az olduğu nəzərə alınaraq, zoğalın ağız boşluğu və diş sağlamlığına təsirini daha dəqiq müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə
