Məzmuna keç

ÜST: “İsrailin Qəzzanı işğal planı ciddi narahatlıq doğurur”

İsrailin son günlərdə təsdiqlədiyi Qəzzaya qarşı hərbi əməliyyatları genişləndirmək planı son dərəcə narahatedicidir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Qəzzanın bütün bölgələrində humanitar və səhiyyə vəziyyəti son dərəcə acınacaqlıdır. İsrailin Qəzzanı işğal etmə planı ciddi narahatlıq doğurur və ərzaqla tibbi xidmətlərin çatışmazlığı səbəbindən daha çox uşağın həyatı risk altına düşür", – deyə Qebreyesus bildirib.

ÜST rəsmisi vurğulayıb ki, Qəzzaya qida və səhiyyə yardımları təcili və maneəsiz şəkildə çatdırılmalıdır.

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində Qəzzada aclıq və ərzaq çatışmazlığı səbəbilə biri uşaq olmaqla 5 nəfər həyatını itirib. Bununla da aclıq nəticəsində ölənlərin ümumi sayı 222 nəfərə çatıb. Onlardan 101-i uşaqdır.

Şəbnəm Mehdizadə