Məzmuna keç

Bu gün ölkə üzrə ekstern imtahanları keçirildi –

Bu gün ölkə üzrə ekstern imtahanları keçirilib. Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib.

Bu barədə e-huquq.az-a Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ötən il 4 və 6-cı siniflər üzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagird elektron formada imtahana cəlb edilib: "Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır. Elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir".

"2026-cı ilə qədər imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15), eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min), imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir", -Agentlikdən bildirilib.

Qeyd edilib ki, imtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir: "Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlərimiz genişləndirilərək davam edəcək".

***

10:51

Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir.

E-huquq.az xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən bu gün saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.