Məzmuna keç

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxdı

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşlar arasında məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi daxili rabitə şəbəkəsinin fəaliyyətində nasazlıq yaranıb.

E-huquq.az xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, problem agentliyin “NSA Net” adlı məxfi şəbəkəsində qeydə alınıb.

Bu sistem NSA əməkdaşlarına məxfi məlumatları təhlükəsiz şəkildə ötürməyə imkan verir.

Mənbələrin bildirdiyinə görə, hazırkı mərhələdə nasazlığın kiberhücum nəticəsində baş verdiyini göstərən hər hansı əlamət yoxdur.

Şəbəkənin nə vaxt tam bərpa ediləcəyi və problemin səbəbləri barədə məlumat açıqlanmayıb.

Qeyd olunur ki, son günlər ABŞ-ın dövlət qurumları və iri şirkətlərinin informasiya sistemlərində də texniki problemlər yaşanıb.

Ötən həftə Federal Aviasiya Administrasiyasının hava hərəkətinin idarəetmə mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün təyyarə uçuşları dörd saatdan çox müddətə dayandırılıb.

Bundan başqa, “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətlərinin xidmətlərində də genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb.