Məzmuna keç

Yusif Kərimov: “Hakimlər cəza siyasətinin daha da liberallaşmasına, humanistləşməsinə öz töhvələrini verməlidirlər”

"Cəza şiddəti ilə deyil, qaçılmazlığı ilə daha səmərəli olur. Dövlət başçımız, Prezidentimiz hər il imzaladığı əfv sərəncamları, dekriminallaşdırmayla bağlı fərmanları ilə ədalət mühakiməsinin təkmilləşdirilməsinə ciddi töhvə verməklə yanaşı, həm də milli hakimlərimizə yaxşı nümunə göstərir".

Bunu e-huquq.az-a açıqlamasında keçmiş hakim, Vəkillər Kollegiyasının üzvü Yusif Kərimov deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu sahədəki fəaliyyəti ədalət mühakiməsini həyata keçirən məhkəmələrə və hakimlərə ciddi stimul verir: "Hesab edirəm ki, hakimlərimiz də Prezidentimizdən nümunə götürüb, cəza siyasətinin daha da liberallaşmasına, humanistləş!əsinə öz töhvələrini verməlidirlər. Bu qənaətdəyəm ki, Cinayət Məcəlləsinin müvafiq maddəsində alternativ cəza nəzərdə tutulubsa, azadlıqdan məhrum etmə cəzası təyin edilməməlidir. Bununla yanaşı, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçərkən, hakimlər, "yüz ölçüb, bir biçməlidirlər". Yalnız ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edilən təqsirləndirilən şəxs barəsində seçilməlidir həbs qətimkan tədbiri".

Y. Kərimov hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin sayı ilə hakimlərimizə olan inam tərs mütənasibdir: "Avropa Məhkəməsinə şikayətlərin sayı çoxaldıqca, vətəndaşlarda milli hakimlərimizə olan inam azalır. Dövlət Başçımızın bu sahədəki fəaliyyəti ədalət mühakiməsi sistemi üçün bir lokomotivdir. Unutmaq lazım deyil ki, məhkəmənin verdiyi sadəcə hakimin imzası ilə imzalanmış və dövlətin möhürü ilə möhürlənmiş kağız parçası deyil, cəmiyyətin ədalətlilik dərəcəsinin göstəricisidir".