Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.
Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.
Qərara əsasən, 04 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:
İşlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun;
Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin;
Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın;
Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu masklardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun;
Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin;
Vətəndaşların qəbulu zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl etməklə bərpa olunsun.
