Məzmuna keç

Azərbaycanda hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilə bilər

"Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə kimsə hansısa məhkəmənin qərarından narazı qalır və hakimin şəklini yerləşdirirlər. Hakimlər o insanlara cavab verə bilmir".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurası məhkəmələrə günün tələblərinə cavab verən hakimlərin təyin edilməsi istiqamətində yol xəritəsi hazırlamalıdır: “Hakimlər qərarı Azərbaycan Respublikası adından verir. Ancaq dövlətin adından danışan hakimlərə qarşı çox asan şəkildə sosial şəbəkədə qaralama kampaniyası aparırlar. Təklif edirəm ki, hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin. Digər tərəfdən hakimlərin tərcümeyi-halında hansısa dövlət mükafatı görmədim. Ona görə çox istərdim ki, müvafiq təşkilatlar bu məsələni nəzərə alsınlar”.